Amma bu dəfə xalamoğlu rəhmətə getdi. Bir yerdə böyüdüyüm. Qəribə bir an idi, gözlənilməz zənglə sarsıldığım. Sonra o anı yaşayanda, telefonun qarşı tərəfindəki şəxsin "Ceyhunu itirdik" deyəndə hiss etdiyim dejavu idi. Bu anı yaşamışdım sanki, bu xəbəri almışdım bir dəfə. Telefonu bağladım. 5-10 dəqiqə dayandım. Sonra zəng edib detalları öyrəndim, sonra yenə dayandım durdum, ağlamadım. Xankəndindən gəlirdim 2,5 saat yol var idi. Uşaqlığımız keçdi gözümün qabağından. Mən onun anası olurdum həmişə evcik-evcik oynayanda, ona görə dalaşırdım (o məndən yaşca böyük olsa da). Dağlar, təpələr, ağaclar, yollar, maşınlar keçirdi yolda gələrkən pəncərəmdən sakitcə ağladım-ağladım. Heç bilmirəm niyə ağladım. Cekoşu itirmək reallığını qəbul etmək cəhdi idi yəqin.
Sonra evə gəldim, evdəki mənzərə çox dəhşətli idi. Artıq Cekoya ağlamırdım, xalama, xalamqızına, Cekoşun uşaqlarına, ailəsinə, ailəmizə ağlayırdım.
Amma hamı sakit olanda ağlamırdım, və ya ordan çıxıb gedəndə evdə tək qalanda ağlaya bilmirəm. Hətta çıxdım, işlərimi həll etdim acımasızca.
Ağlayan insanların göz yaşlarını bolca müşahidə etdim. Atamı ilk dəfə ağlayan gördüm, vicdan əzabı çəkdim ona bu qədər qəddar olduğum üçün bəzən. Atamın göz yaşları çox incə və balaca idi.
Cekoşun bacısı və anası çox əziyyət çəkir, nalə çəkirlər amma gözlərindən yaş axa bilmir məsələn.
Mənim göz yaşlarım iri dənəli olur, suyu bol.
Amma Cekoşun getdiyi reallığını qəbul etməməyə qəbul etdim. Ordadı, ayda-ildə bir dəfə görüşəcəyik.
Bircə o mənzərə...
Sonra düşündüm, bəzi ölümləri qəbul etməmək asan olur. Çox tez-tez görüşmürsənsə. Amma vicdan haqqı qalıbsa ortada, və yaxud hərgün gördüyün adamdısa bu çox qəddar bir şeydir. Allah göstərməsin.
Mən ümidvaram Cekonun heç vaxt qəlbinə dəyməmişəm, böyüyəndən sonra soyusaq da mən ona onun mənim üçün əziz olduğu mesajını verməyə çalışmışam.
Bu misraları yazarkən niyə ağlayıram ki, bilmirəm. Axı mən onun başqa bir yerdə yaşadığını qəbul etmişdim.
P.S. Petra şəhərinin çöküşü yuxusu, üstündən evimizdə Hitlerin iştirakı ilə yemək-içmək yuxusu bu imiş yəqin
No comments:
Post a Comment